Tülkünün nağılı

Günlərin bir günü tülkü meşədə ağzında pendir tutmuş bir qarğaya aşiq olur. Ağacın başında pendiri ilə bəxtiyar olan qarğa, tülkünün ona dikilən baxışlarından hiddətlənir. Elə həmin an qorxu canına vəlvələ salır və pendir ağzından yerə düşür. Özünü tez toparlayan tülkü yerə düşmüş pendiri dərhal ağzına alsa da, qarğanın yanına – ağaca çıxmağa gücü çatmır. Tülkünün bu cəld hərəkətindən vahiməyə düşən qarğa qanad çalıb ağacdan və meşədən uzaqlaşır.

İllər keçir... Tülkü həmin pendiri bir xatirə tək yuvasında qoruyub saxlayır. Hər gün qarğanın qonduğu həmin ağacın ətrafında fırlanır, onun gövdəsini seyr edir. "Nə qədər də sərt və qırışlarla doludur, yəqin, çox qoca ağacdır", – deyə düşünür. Budaqları o qədər nəhəng və qorxuludur ki, tülkünü bəzən vahimə bürüyür. Arada cəsarətini toplayıb ağaca dırmaşmağa çalışsa da, buna nail ola bilmir. Tülkü bircə onu istəyir ki, ağaca qalxsın, qarğanın uçub getdiyi o uzaqlara baxa bilsin; heç olmasa onun hansı səmtə üz tutduğunu görsün ki, dalınca uça bilsin.

İllər ötür, tülkü ilə bərabər ağac da qocalır. Ağac o qədər qocalır ki, sərt küləkli günlərdə gövdəsindən qopub aşacağından qorxan meşə heyvanları artıq onun ətrafına dolanmırlar. Bircə tülküdən başqa... O, yaşlaşsa da, hər gün ağaca qalxmaq üçün dəfələrlə cəhd edir. Hətta bir dəfə az qalmışdı ki, hədəfinə çatsın, lakin ayağı sürüşür və quyruğu üstə yerə yıxılır. O gündən bəri quyruğu qırıq qalır.

Tülkü düşünür ki, uçmağı öyrənmək lazımdır. Amma necə? Onun cəmi dörd yöndəmsiz ayağı var, onlar da heç özünə xeyir vermir. Nə şirdir ki, bərk qaçsın, nə də qartaldır ki, qanad açsın; sadəcə bir tülküdür. Görünür, tülküyə sevmək yaraşmır. Ancaq tülkü də sevmək, o ağaca dırmanmaq istəyir. Hesab edir ki, bircə ağaca dırmaşa bilsə, yerdə qalan bütün çətinliklərin öhdəsindən gələcək.

İllər keçir... Ağac artıq əvvəlki kimi hər bahar çiçək açmır. Gövdəsi quruyur, yarpaqları solur. Tülkü də qocalıb, qanadları isə hələ də yoxdur. İndi ağaca çıxmaqdan çox, uçmağı məşq edir. Lakin hər dəfəsində harasınsa əzir, daxilində nəsə qopur, nəsə sınır. Ağacın yanında dayanıb onu kökündən başına qədər süzür, gözlərini mavi səmaya dikir. Bütün quşlar necə də asanlıqla uçur... Amma qarğa yoxdur ki, yoxdur.

İllər keçir... Bir gün ağac tamamilə taqətdən düşür və şiddətli küləklərin birində kökündən qırılaraq yerə sərələnir. Bu hadisə tülkünü elə sarsıdır ki, o da günü-gündən həmin ağac kimi içindən çürüməyə başlayır. Ağacın gövdəsində qurd-quş, böcəklər dolaşır və zamanla o, torpağa qarışır. İndi vaxtilə ağzında pendirlə qarğanın qonduğu o budaqdan əsər-əlamət qalmayıb. Ondan geriyə qalan hər şey məhv olur. Bütün xatirələr yalnız tülkünün yaddaşına həkk olunub. Tülkü artıq anlayır ki, qarğadan qalan son xatirə elə onun özüdür; beynindəki o köhnə qarğa xəyalıdır.

İllər keçmir... Tülkü yuvasından çıxır, ağır addımlarla meşəni tərk edir. Meşənin kənarına çatanda son dəfə dönüb arxasına – doğma meşəsinə baxır. "Nə qədər kədərlidir, yerində qalan hər şey məhvə məhkumdur", – deyə düşünür. Tələsmək lazımdır... Uçmağı bacarmırsansa, qaçmağı öyrənməlisən.