Təcili Tibbi Yardım

Qırmızı işıqlar yanıb söndü, yığışdıq pəncərənin ağzına. Biz ailədə üç uşaq idik, daha doğrusu məndən başqa xalamın uşaqları da bizdə qalırdı. Onun əri müharibədə dünyasnı dəyişmişdi, anam onları tək tənha taleyin ümüdünə buraxmamışdı, bizdə qalırdılar. Həm-də xalamın uşaqları ilə bacı qardaş kimi idik.

   Kənd yerləri elədir ki, bir hadisə baş verən kimi,  ya hamı oraya toplaşır, ya da hamıya nə baş verdiyi maraqlı gəlir, öz həyatımızdan çox başqasında baş verənlərin marağında oluruq.

   Qırmızı işıqlar bir daha yanıb söndü. Evdə ən böyük mən idim, on iki yaşım vardı.  Məndən bir yaş kiçik xalamın qızı, bir də doqquz yaşlı balaca qardaşımız vardı. Pəncərədən baxıb baş verən hadisəni öyrənmək üçün əlbəttə mən birinci olmalıydım, həm də xalam qızı, ora qalxsa yıxıla bilərdi. Evimiz həyət evi idi. Balaca bağı vardı, köhnə rus evlərindən olduğundan bir az pəncərəsi kələ kötür idi. Həmdə pəncərənin önünə qoruyucu kimi parça vurmuşduq. Pəncərə divara yaxşı bərkidilməmişdi, qorxurdum ki, xalam qızı çıxsa yıxıla bilər, özüm çıxdım. Baş verən hadisə mənim üçün də maraqlı idi.

- Sakit olun, yoxsa mama oyanıb bizi danlayacaq, nə olduğunda bilməyəcəyik – onda “mama” deyirdik, böyüdükcə bu ifadə ana kəlməsi ilə əvəzləndi. O vaxtı hamı öz anasına “mama” deyirdi.

- İmkan verin çıxıram, heç biriniz qalxmayın, qırılar pəncərə - deyə onları tənbeh etdim. Sonra ehmalca pəncərəyə dırmaşdım.

  İşıqlar hələ də yanıb sönürdü, bir nəfər maşının yanında dayanıb siqaret çəkirdi. Yəqin ki sürücü idi. Saat gecə yarsını çoxdan keçmişdi, xalam qızı ətəyimdən dartıb nə baş verdiyini öyrənməyə çalışırdı. Mən isə orda sürücüdən başqa heç kimin olmadığını qətiyyətlə bildirirdim, balacamızda bizi maraqlı izləyirdi.

- Niyə o maşın gələndə hamı susur? Qorxuludu? – deyə birdən o dilləndi.

- Hə, o adam öləndə gəlir – deyərək Zemfira cavabladı – o adam öləndə gəlir, mindirir aparır.

- Adam öləndə nolur ki?

- Adam öləndə daha olmur.

- Necə yani olmur?

- Məsələn, biz üçümüz, oyuncaqlarla oynayırıq, amma mən ölsəm, siz ikiniz oynayası olacaqsınız.

- Bəs sən nə ilə oynayacaqsan?

- Heçnəylə yəqinki cənnətdə olaram.

- Cənnət hardadı?

   Zemfira ona cavab verməyi kəsib mənim ətəyimdən yapışdı ki, bir şey öyrənə bilsin. Tez-tez də kimin öldüyünü soruşurdu. Mən ona dedim ki, bu maşınlar yalnız insan öləndə gəlmir, həmçinin insan sağaldan zaman da gəlir, kiməsə iynə vurur. O da yaxşılaşır. Sözün düzü özüm də qorxurdum.  Amma evin böyüyü olduğumdan qamətimdən əksiklik vermək daha çətin idi mənə. Balacamızın yerində olub, sadəcə suallar vermək istəyərdim, hərçənd mənim indi daha böyük işim var. Nə baş verdiyini öyrənmək. Axı maşının kimə gəldiyini də bilmirdik, görəsən bu kim ola bilər.

  Pəncərəyə o qədər yaxın idim ki, torun üzərindəki tozun qoxusunu hiss edirdim. Göy üzü qaranlıq idi, ay isə səmanı parlaqlandırırdı. Bir də bu yanan qırmızı göy işıqlar. Əslində onlardan səs də çıxmalı idi, filmlərdə elə görmüşəm.  Fikrim o kişinin yanında qalmışdı. Maşına söykənib siqaretini çəkirdi, onun üçün bu digər günlər kimi adi bir gün imiş. Əvvəllər mən uşaq olanda elə bilirdim ki, o insan böyük qəhrəmandır, ancaq indi anlayıram ki, bu onun üçün adi keçən gecələrdən sadəcə birdir.

   O, sakitcə siqaretin çəkib qutardı. Kötüyü yerə atdı, ayağı ilə yaxşca əzdi, çevrilib əlləri üzərinə maşının qapısına söykəndi,  başını qoydu, sonra yenidən qaldırdı. Telfondakı saatına baxdı, bir az maşının ətrafında gəzişdi, yenidən siqaret yandırdı, gecənin qaranlığında işıqların müşahidsəi ilə siqaretin dumanı incə və nəcib hərəkətlə yuxarıya doğru qalxıb səmaya qovuşurdu.

   Bir siqaret çəkməyə beş dəqiqə kifayət edər. Deməli artıq on dəqiqədən çoxdur ki, onlar burdadırlar. Mənə qəribə gələn isə bir şəxsin təcili tibbi yardımda insanları qorumaq üçün gecələri aya qalması, lakin öz taleyini, həyatını tüstülər içində məhv etməsidir. Əslində bu qənaətə pəncərəyə qalxıb torun tozunu qoxlayanda gəlmişdim. Sonradan anladım ki, elə bu da onun üçün adi bir ritual imiş. Alnını qaşıdı, bi az dayanıb maşının içərisindən bez çıxardaraq ön şüşəni silməyə başladı. Bu işdən bezən kimi növbəti siqareti yandırdı, arada qolundakı saata baxırdı. Demək olar ki artıq burada olması yarım saat edərdi. 

   Ancaq bu dəm anamın qəfil içəri girişi ilə (xalam da yanında idi) səs-küy düşdü. Bizi tənbehləyib tez yatırmağa çalışdılar. Gözümüzü qorxaraq bərk-bərk sıxmışdım. Bir qulağım evin içində digəri bayırda idi. Yadımda deyil pəncərədən necə düşdüyüm, bir onu bilirəm ki, tez tələsik özümü yerə atdım. Xalam ilə anam pəncərənin qarşısında dayanıb küçəyə baxırdılar. Sonra başladılar müzakirə etməyə. Elə o anda öyrəndim ki, maşın qonşumuz Əli dayının yanına gəlib, deyəsən, ağır xəstəliyi varmış. 

  Birdən məhlədə hay küy qopdu, anamgil pəncərəni cəld bağladılar. Düzü mən bunu görmürdüm, gözümü bərk-bərk sıxmışdım, pəncərənin səsindən yəqin etdim ki, onu bağladılar. Çöldən gələn qışqırıq bununlada kəsildi. Anam xalama dedi ki, “ Əli kişi rəhmətə getdi, Allah rəhmət eləsin”. 

   Onlar otaqdan çıxan kimi, balacamız başını qaldırıb bizə doğru səsləndi.

- İndi Əli dayı bizimlə oynamayacaq?

- O, onsuzda bizimlə oynamırdı ay səfeh – Zenfira balacaya tərəf alçaq tonla qışqırdı.

   Mən isə “Yatın, yatın!” deyə tənbeh edib gözlərimi yumdum. Düşünürdüm ki, indi o kişi daha saatına baxmır.