Qradia xalqı

Qradistanın paytaxtı Qradüdə ucalan və gözəlliyi ilə insanları valeh edən sarayda, hələ baş verənlərdən xəbərsiz olan Qradia xalqının şahı Qoro çarpayısında uşaq kimi yatırdı. Döşək o qədər yumşaq və qalın idi ki, kənardan baxanda şahı orada görmək mümkün olmurdu. O, bu taxta uzun illər əvvəl atasının ölümündən sonra gəlmişdi. İndi isə əbədi mülkünə layiqli varis olması üçün balaca oğlu Salomu hazırlayırdı. Salom yeniyetmə idi və o da atası kimi taxta sahib olmaq üçün hər gün öz üzərində çalışırdı. Ancaq hələ ki hərb sənətini dərindən öyrənə bilməmişdi. Qızı Simona isə bütün günü gəzməklə məşğul olur, sarayın həyətindəki ən gözəl gülləri tapıb öz bağçasında əkirdi. Şahbanu Hesterid isə övladlarının qayğısına qalır və bəzi önəmli məsələlərdə Qoroya kömək edirdi.

İndi isə yazıq Qoro şirin yuxusundan bədbəxt bir xəbərlə oyanacaqdı. Düzü, bunu nə dərəcədə bədbəxtlik adlandırmaq olardı, bilmək olmazdı.

Əyanlardan biri tələm-tələsik şahın otağına daxil oldu. Səs-küydən Qoro narazı və əsəbi halda yuxudan ayıldı. Çarpayıda güclə dikəlib, nə baş verdiyini anlamaq üçün ətrafa baxdı. Əyan ona yaxınlaşaraq təzim etdi və sözə başladı:

– Şah həzrətləri, sizi gözəl yuxunuzdan oyandırdığım üçün əfvinizə sığınıb, məni bağışlamağınızı diləyirəm. – Qoro qaşlarını çatıb başını yellədikdən sonra əyan sözünə davam etdi: – Bu elə bir məsələdir ki, sizdən başqa heç kimin elmi bu hadisəni yoza bilməz. Şah sağ olsun... Xalq! Xalq yoxdur!

– Necə yəni yoxdur? – Qoro yerində dikəlib əyanın gözlərinə baxdı. O, bunun axmaq bir zarafat olduğu təqdirdə, əyanın öz kəlləsi ilə vidalaşacağını bildirdi.

– Şah həzrətləri, sizin əmrinizlə hər gün bir neçə əyan əraziləri gəzir, ətrafa nəzarət edir. Lakin bu gün ortalıqda heç kimi görmədik. Bazarlar boş idi, evlərin bacasından tüstü çıxmırdı. Ətrafda səssizlikdən başqa heç nə yox idi. Fövqəladə hal baş verdiyini düşünüb evlərə daxil olduq, ancaq bir dənə də olsun canlıya rast gəlmədik.

– Dayan, dayan... Bəs ordu? Bəs qullarım? Bəs ailəm?!

– Şah həzrətləri, saray əhlindən və ordudan başqa heç kim yoxdur.

Qoro heç nəyi başa düşmür, eləcə başını tutub dururdu. Məntiqli bir fikrə gəlməyə çalışsa da, heç nə ağlına gəlmirdi. Təcili yerindən qalxıb paltarlarını geyindi. Tacını başına qoydu və əyana buyurdu ki, bütün vəzirləri və baş kahini dərhal əsas zala toplasın.

Bir neçə dəqiqədən sonra deyilən bütün adamlar müşavirə üçün toplanmışdı. Şah öz taxtında əyləşmiş, solunda isə oğlu Salom dayanmışdı. Vəzirlər isə cərgəyə düzülüb onun ətrafında dövrə vurmuşdular. Artıq hamı baş verənlərdən xəbərdar idi. Vəzirlərin öz aralarında pıçıldaşması şahı qəzəbləndirdi.

– Səsinizi kəsin! – deyə şah yerindən qalxdı. Zalda gəzişə-gəzişə nə danışacağı barədə düşünürdü.

Vəzirlərdən biri dilləndi: – Möhtərəm, ulu və təmiz qəlbli şahım. Əfvinizə sığınıb sözə başlamaq istəyirəm... – Şah başı ilə təsdiqlədikdən sonra vəzir əlavə etdi: – Ola bilsin ki, onların hamısını qaçırıblar.

– Ağlını itirmisən? Bütün xalqı necə qaçırmaq olar?!

Kahin önə çıxdı: – Şah həzrətləri, məncə, bu, qara qüvvələrin işidir. Bəlkə də sizə cadu ediblər.

– Hmph! Əgər mənə cadu ediblərsə, mən yoxa çıxmalıyam, xalq yox!

– Ata, – deyə Salom sözə başladı, – bəlkə, gəzintiyə çıxıblar. Qayıdacaqlar. – Heç birinizin başı işləmir. Mən əyanlara tapşırmışam, artıq geniş əraziləri gəzəcəklər. Hamı birdən-birə yoxa çıxa bilməz. Bunun mütləq bir səbəbi vardır. Biz taxıl və qılınc istehsalında, ehtiyat qidaların yığılmasında bir gün geriyə qaldıq. Bu bir günlük gecikmə bizi aylarla arxaya atır. Soyuq və quraqlıq vaxtlarda nə edəcəyik? Buna görə xalq tapılan kimi yüksək şəkildə cəzalandırılmalıdır.

Qoro nitqini bitirən kimi yerdən alqış sədaları yüksəldi, hamı şahın mötəbər fikri ilə sevinclə razılaşdı. Ancaq bütün bunlar sözdən başqa bir şey deyildi, çünki dəyişməyən bir gerçək vardı: XALQ yox idi. İrəliləyən hər saat isə yeni və məntiqli bir fikrin yaranmasına şərait yaradırdı. Bütün sarayı həyəcan və təşviş bürümüşdü, hamı qorxu və təlaş içində nə baş verəcəyini gözləyirdi. Qoro oğlu və bir neçə əyanın müşayiəti ilə evlərə baş çəkdi, ancaq orada heç nəyə rast gəlmədi. Lakin bu qəribə və xoşagəlməz vəziyyət üç gündən sonra gələn xəbərlə fərqli bir hal aldı. Əyanlardan biri Qradü şəhərindən iki dağ o tərəfdə tüstü görüldüyünü bildirdi. Həmin tərəflərdə heç vaxt heç kim olmamışdı. O ərazilər çöllük və xarabalıq idi. Orada heç nə bitməz, heç nə yetişməzdi. Şah hadisəni başa düşmüşdü: xalq qaçmışdı. Ancaq nə üçün qaçdığı hələ aydın deyildi. “Bu necə bir axmaqlıqdır!” – deyə düşüncələr onu özündən çıxarırdı. Növbəti müşavirədə hamının qarşısına çıxıb yeni qərarını vəzirləri ilə bölüşdü:

– Baş verən hadisə nə dərəcədə qəribə olsa da, onu deyim ki, artıq xalqı tapmışıq. Bu özbaşınalığı, əlbəttə, yumşaq şəkildə qarşılamayacağıq. Bu gün artıq on səkkiz yaşına çatmış oğlum Salom gələcək Qradistan şahı olmaq üçün ilk vəzifəsini alacaqdır. Oğlumun böyük gələcəyi var. Lakin ən böyük, ən qüdrətli şah gərək xalqı öz əlində saxlaya, onu cilovlaya, onu ram edə bilsin. Xalq balaca bir uşaq kimidir. Onun şıltaqlıqları olur, ancaq bu şıltaqlıqlar müəyyən cəzalarla, əlbəttə, nizamlanır. İndi isə oğlum Salom ordunun başına keçib çölə, xalqın olduğu yerə hücum edəcək.

– Bəli, ata, mən onların hamısını öldürəcəyəm! – Salom birdən Qoronun sözünü kəsdi. O düşündü ki, bu təntənəli nitqi atasını sevindirəcək, ancaq heç də belə olmadı. – Axmaq, Salom! Xalqı öldürmək olmaz, onu qorxutmaq lazımdır. Onu tərbiyə etmək, qəlibə salmaq lazımdır. Ordunun başına keç, əraziyə get və xalqa de ki, onların iki gün vaxtı var, əks halda məcburiyyətlə geri gətiriləcəklər. İki gün ərzində gəlməsələr, vergilərin hamısı qalxacaq və onlar çətinliklə yaşayacaqlar. Özün də məğrur ol. Sən mənim oğlumsan və sənin ordun var. Elə ki gördün kimsə sənə qarşı çıxır, həmin adamı tut və xalqı məcbur et ki, boyun əysin. Əgər xalq boyun əyməsə, bəzi yekəbaşları əzablı bir ölümlə mükafatlandır.

Ordu hazır idi. Şah öz sözlərini onların qarşısında da müəyyən dəyişikliklərlə bir daha təkrarladı. Təlimat hazır idi, ehtiyat ərzaq götürüldü, silah və sursatlar yığıldı. Ordu Salomun rəhbərliyi altında bir həftəlik səfərə yollandı. Qoro inanırdı ki, oğlu bu vəzifənin öhdəsindən gələcək; onun öz gənclik vaxtlarında da belə hadisələr baş verirdi. Məhz belə tapşırıqlar yeni və qüdrətli şah yarada bilərdi. Ancaq və ancaq qüdrətli bir şah Qradianı idarə edə bilərdi. Oğlunu səfərə yollayan Qoro öz taxtında oturub narahatlıqla xəbər gözləyirdi. Yerində yata bilmir, gözünə yuxu getmirdi; gecələri sarayda dolaşır, elə hey baş verən hadisənin səbəblərini düşünürdü. Axı o, xalqın qaçması üçün heç nə etməmiş, əksinə, onlara yaşamaq üçün şərait yaratmış, onlara torpaqlarda taxıl əkməyə, meyvə yetişdirməyə imkan vermişdi. Öz torpaqlarını onların ixtiyarına verdiyi halda xalqın xaincəsinə hərəkətini başa düşə bilmirdi. Bura onların vətənidir və vətənə qarşı bu cür davranışın mütləq bir cəzası olmalıdır. Qəzəblənirdi, ancaq qəzəbinə hakim çıxırdı; bilirdi ki, belə halda soyuq başla düşünmək lazımdır.

Ordu ehtiyat ərzağın çox hissəsini apardığından şah saray sakinlərinin qidasında dəyişiklik etmişdi. Ordu geriyə qayıdana və ehtiyat hissə yenidən bərpa olunana kimi, qullar həftədə bir dəfə, cəlladlar və əyanlar həftədə iki dəfə, bəzi qabaqcıl, çox işləyən əyanlar isə üç dəfə yemək yeyəcəkdi. Qoro düşünürdü ki, yalnız bu yolla bir müddət çətinliyin qarşısını almaq olar. Qulların bəzilərini xalqın gördüyü işlərə görə hissələrə bölmüşdü, lakin bu yolla heç nə etmək olmurdu; demək olar ki, bir gündə görülən işin heç bir faizi belə görülmürdü.

İki həftədən sonra Qoro şəhərin darvazasında at üstündə gələn, dilənçi görkəmində birini gördü. Çox keçmədən aydın oldu ki, bu, şahın öz oğlu Salomdur və huşunu itirib. Onu təcili saraya apardılar. Salom elə döyülmüşdü ki, gözünü belə aça bilmirdi. Qoro bu vəhşiliyə baxdıqca sarsılırdı; bir xalqın birdən-birə bu qədər zalımlaşa biləcəyinə inanmırdı. Bunu ancaq vəhşi heyvanlar edə bilərdi.

Xoşbəxtlikdən, Salom tez bir zamanda özünə gəldi; danışa, gözlərini aça və yemək yeyə bilirdi. Çarpayısında uzanmışdı, qulluqçular yaralarını təmizləyirdi. Qoro əzəmətli bir görünüşlə oğlunun qarşısında məğrurcasına dayanmışdı. İstəmirdi ki, oğlu onun daxilindəki gizli mübarizədən və təlaşı görməsin. Özünü elə aparırdı ki, sanki vəziyyətə tamamilə hakimdir. Həm də, belə bir zamanda şah hər kəsə nümunə olmalı idi.

– Ata, mənim günahım yoxdur! – Salom qorxudan tir-tir əsirdi. Atasının vüqarı oğlunda sadəcə qorxu yaradırdı. – Biz ora çatdıqdan sonra əmrimlə ordu xalqı mühasirəyə aldı. Mən fikrimi bildirdim, sizin təklifinizi oxudum. Onlar isə mənə qulaq asmadılar. Üstəlik, daş atırdılar. Mənə buranın sizə aid olmadığını dedilər. Özlərinə o quraqlıq yerdə yaşayış qurmuşdular; ağaclar əkir, evlər tikirdilər. Qəzəblənib orduya daş atanları tutub cəzalandırmağı əmr etdim. Ordu xalqla toqquşdu, lakin bir müddət sonra ara sakitləşdi. Vuruşmurdular. Ordu etiraz edirdi; öz doğmalarına qarşı vuruşmaqdan boyun qaçırırdılar. Heç kim öz atasını, qardaşını, əmisini öldürmək istəmirdi. O zaman qılıncı çəkib meydana atıldım. Düşündüm ki, hərəkətim ordunu ilhamlandırar, ancaq birdən hamısı üstümə töküldü, məni döydülər. Sonra dedilər ki... – deyib susdu və başını aşağı əydi. – Nə dedilər? – Qoro qəzəblə soruşdu. – Ata... onlar dedilər ki, bilmirəm necə deyim... "Get donuz atanın yanına!"

Elə bu an Qoronun əsəbləri tarıma çəkildi və ağzından qəzəbli ifadələr çıxdı. Əlləri əsirdi, ayaqları yer tutmurdu. Vəziyyətin kəskinləşməsi saray əyanlarını və vəzirləri narahat edirdi; onlar açıq şəkildə şaha iradlarını bildirirdilər. Qoro saraydakı təlaşı ələ almaq üçün vəziyyəti dəyişməyə qərar verdi və xalqla görüşə özünün gedəcəyini bildirdi. Axı yalnız qüdrətli bir şah xalqı ram edib cilovlaya bilərdi. Bu qərar vəzirləri az da olsa sakitləşdirdi.

Ertəsi gün şah, nökərləri və kahinlə böyük bir yola çıxdı. Şah anladı ki, xalqı artıq ordu ilə qorxutmaq olmaz. Kahin xalqın dini inanclarını yaxşı bilirdi. O, bir neçə gün əvvəl yuxusunda tanrının ona əmr göndərdiyini görmüşdü: "Əgər Qradia xalqı öz elçilərinə boyun əyməsə, onları faciəli çöllükdə əzablı ölüm gözləyir." Qoro anlayırdı ki, bu sözlər xalqın ürəyinə qara tikan salacaq, aralarına nifaq toxumları səpəcək. Bir müddət sonra xalq iki yerə bölünəcək: tanrının qəzəbindən qorxanlar və ona qarşı çıxanlar. Sonra onlar bir-birləri ilə vuruşacaq və Qoro hakimiyyəti yenidən ələ alacaqdı.

Bir həftə sonra çöllüyün ortasına çatanda şah gözlərinə inanmadı. Xalq böyük evlər tikmişdi, ətrafında güllü bağlar var idi. Bura cənnətə bənzəyirdi; tarlalar salınmış, uzaq bir çaydan əraziyə su çəkilmişdi. Kahinin dili ağzında qurumuşdu. Şahı görən insanlar əraziyə toplaşıb onlara baxırdı. Hadisə baş verən gündən bu yana ilk dəfə idi ki, Qoro təlaşlanmışdı. Camaat deyinməyə, səs-küy salmağa başladı. Hamı şahın gəlişindən narazı idi. Ucadan: "Rədd ol!", "Biz səni istəmirik!", "O torpaq da, sən də bizə lazım deyilsən!" – deyə qışqırırdılar. – Dayanın, mən sizinlə danışmaq istəyirəm! Məncə, mənə hörmətlə yanaşmalısınız. – Hə, de görək, dərdin nədir! – yerdən biri həyasızca qışqırdı. – Əziz xalqım, mən sizinlə mübahisəyə gəlməmişəm. Mənim sizə sözüm yoxdur, lakin tanrının istəyi ilə buradayam. Onun sizə sözü var!


— Tanrı nə deyir? — deyə izdihamdan biri qışqırdı. — İcazənizlə, qoy bu sözləri Kâhin özü söyləsin. Mən qüdrətli bir Tanrının kəlamlarını öz bəsit dilimlə ləkələmək istəmirəm.

Kâhin səlis danışmağa çalışsa da, səsindəki titrəyiş qorxusunu büruzə verirdi.

— Əziz xalqım, ötən gecəki böyük ibadətdən sonra yuxumda Tanrının elçisini gördüm. O, mənə yaxınlaşdı. Mən həmişə Tanrıya və xalqıma qarşı dürüst olmuşam. Tanrıya and olsun ki, eşitdiklərimi olduğu kimi çatdırıram. Əgər yalan deyirəmsə, qoy uca Tanrı məni məhz sizin gözünüz qarşısında cəzalandırsın. Tanrı belə buyurdu: "Əgər Qradia xalqı elçilərinə boyun əyməsə, onları çöllüyün faciəli və əzablı ölümü gözləyir".

— Ey axmaq, sən deyəsən korszun! — deyə kimsə bağırdı. — Hə, doğurdan da kordur! — Bəli, kordur! — Bura artıq çöllük deyil, a kor!

Vəziyyətin nəzarətdən çıxdığını görən Qoro cəsarətlə irəli atıldı: — Dayanın! — Hamı susub ona baxdı. — Biz illərdir bir yerdə yaşamışıq. Tanrının sizə, sizin bizə, bizim də Tanrıya ehtiyacımız var.

— Bizim sizə ehtiyacımız olsaydı, biz yox, siz bizim ayağımıza gələrdiniz, — deyə izdihamdan biri cavab verdi. — Düzdür! Əgər sizin Tanrıya ehtiyacınız varsa, onda Tanrınızı da götürüb buradan rədd olun, bizim sizə ehtiyacımız yoxdur!

— Siz Tanrını qəzəbləndirdiniz, — deyə Qoro məğrurcasına başını çevirdi və nökərlərinə tərəf yönəldi. Kâhin də heç yana baxmadan onun arxasınca addımlayırdı.

Lakin nökərlərinə yaxınlaşıb atlarına minmək istəyərkən, nökərlər Qoronu itələyib geri çəkildilər. — Biz getmirik. Saray aclıq içindədir, saray boşdur. Bura gözəldir, insanlar gözəldir.

— Ey axmaqlar! — deyə Qoro nökərlərdən birinin üzünə sillə vurdu.

Bunu görən digər nökərlər qəzəblə şaha hücum etdilər. Qoro qılıncını çəkməyə macal tapmamış, nökərlər onu yerə yıxdılar. Kâhin qorxudan diz çöküb dua edirdi; ümid edirdi ki, qəzəbli insanlar onu bağışlayacaq. Bir neçə saniyədən sonra nökərlər şahı döyüb kənara atdılar, üzünə tüpürüb xalqın sıralarına qarışdılar.

İzdiham dağılışdıqdan sonra Kâhin sürünə-sürünə şaha yaxınlaşdı. İnsanlardan biri şahı daşımaq üçün bir parça, bir az su və çörək verdi. Kâhinə xəbərdarlıq etdilər ki, bir aydan sonra Qradiaya gəlib sarayı sökəcək, yerində ağaclar əkəcəklər. "Qoy bu axmaq sağalsın, sonra da yığışıb getsin", — dedilər.

Kâhin böyük çətinliklə şahı kürəyində daşıyaraq Qradiaya qayıtdı. Bir neçə gün sonra şah özünə gəldi, amma susurdu; məğlubiyyəti dərk etmişdi. Kâhin yol boyu yalnız dua edirdi. Saraya çatana qədər şah artıq ayağa qalxmışdı. Saray boş idi; vəzirlər və ayanlar çoxdan oranı tərk etmişdilər. Yalnız bir neçə sadiq xidmətkar qalmışdı. Qoro uzun sükutdan sonra dilləndi: — Mən acam.

Hamı susub ona baxırdı; yeyəcək heç nə qalmamışdı. Hətta Salomun gətirdiyi atı belə bişirib yemişdilər. Şahın bu boş sözlərindən sonra yerdə qalan vəzirlər də təzim etmədən salonu tərk etdilər. Qoro artıq heç kimi cəzalandırmırdı, buna gücü də qalmamışdı.

Salom: — Kâhin dedi ki, onlar saraya hücum edəcəklər. Qoro: — Mən acam.


Salom anasını və bacısını yanına çağırıb bildirdi ki, burada qalmaq ölümə bərabərdir. Qəzəbli xalq onları öldürə bilər, ən yaxşısı qaçıb başqa yerlərdə yaşamaqdır. Bu xaraba qalmış sarayda acından ölməkdənsə, bir çıxış yolu tapmaq lazımdır.

Qoro isə oğlunun sözlərinə məhəl qoymurdu. Taxtından enib onlardan uzaqlaşdı. Ac olduğundan yeməyə nəsə axtarırdı. Sarayda ölü sükut hökm sürürdü. Yataq otağında heç nə tapa bilməyib aşağı mərtəbələrə endi. Kahinin otağına çatanda ayaq saxlayıb içəri boylandı. Kahinin özünü asdığını gördü; bu hadisə onu sarsıtsa da, aclıq kədərdən daha güclü idi.

O, uzun müddət sarayda yemək axtardı. Bu vaxta qədər saray əyanları, vəzirlər və hətta onun ailəsi Qradianı tərk edib bilinməyən istiqamətlərə üz tutmuşdular. Şahın isə yeganə dərdi qarnı idi; ağrı o qədər şiddətli idi ki, ağlını başından almışdı. Xalqın qayıdıb sarayı sökəcəyi artıq yadından çıxmışdı.

Qoro tez bir zamanda doymaq istəyirdi. Xalqın yaşadığı komalara baxmağı düşündü, bəlkə çörəkdən nəsə tapardı. Lakin bütün komalar bomboş idi; ölkə viran qalmışdı. Səmasında belə bir quş uçmurdu. Taxıl zəmilərinə gedəndə yerdən bir neçə sümbül tapdı; düşündü ki, onları üyüdüb un edər, ocaq qalayaraq çörək bişirər.

Aclıq şaha elə güc gəlmişdi ki, tələsik "dəyirmana" üz tutdu. Sümbülləri daşların arasına qoyub taxtadan yapışdı və var gücü ilə dartdı. Lakin taqətdən düşmüşdü. Başqa çarəsi yox idi, bir daha güc verdi. Bu zaman taxta qırılıb yerə düşdü, daşlar sirkələnib aşdı. Zərbə o qədər güclü idi ki, dəyirmanın yerləşdiyi koma silkələndi. Çox keçmədən tavan uçub Qoronun başına töküldü. Taxta parçaları onu zədələsə də, dərhal öldürmədi.

Ağrıdan və aclıqdan huşunu itirirdi. Gözlərinin önü qaralırdı, tacı yerə düşmüşdü. Onu götürmək istəsə də, əllərini tərpədə bilmirdi. Hansısa tiri onun sol buduna sancılmışdı, ayağından qan axırdı. Belə getsə, çox qan itirib öləcəkdi. Qoro mübarizə aparırdı, ölmək hələ tez idi. Bir təhər əlini uzadıb yerdəki sümbülləri ovucladı və torpaq qarışıq ağzına qoydu. Lakin udmağa macal tapmadı; huşunu tamamilə itirdi və ağzında torpaqla sümbül qarışığı, son nəfəsini verdi.