Almanın rəngini və çəkisini, metronun gecikməsini, sıxışaraq içəri soxulmağı, ayaqqabısının bağı açılmış uşağın yanından ötüb keçməyi... Heç kim bunları xatırlamaz. Geridə sadəcə kəsilmiş xatirələr, üzlər, simalar və qaranlıq içərisində sıxışmış — bizim "mənalı" dediyimiz həyat qalar.
Dörd gün sonra həyat yoldaşımla görüşəcəkdim, səbirsizliklə həmin günü gözləyirdim. Ancaq bu dörd günün necə keçdiyini, neçə dəfə yemək yediyimi, tualetə neçə dəfə getdiyimi, televizorda nəyə baxdığımı, siyasi xəbərlərə baxarkən söyüş söydüyümü, güldüyümü və sairə — bir sözlə, nə baş verdiyini xatırlamıram. Geriyə sadəcə onun gülüşü, ilk dediyi söz və s. qalır. Razıyam, bu, həyatımın maraqlı hissəsidir, lakin digər hissə də mənim həyatımdır və o, məndən xəbərsiz sürətlə ötüb keçməkdədir.
Ad günlərinə nifrət edirəm, çünki geriyə baxanda bir il ərzində axmaq-axmaq işlərlə məşğul olduğumun fərqinə varıram. Bu adi rituallar məni əsəbləşdirir, özümdən çıxarır; hər şeyə nifrətlə baxıram. Avtobusda insanlarla dava salmağa çalışıram, iş yoldaşımı acılayıram. Bir şeylərin fərqində olmaq, şüurlu olaraq mövcudluğumu anlamaq istəyirəm. Qısası, bütün bədənimlə var olduğumu hiss etməyi arzulayıram.
Şamlar söndü. İyirmi səkkiz yaşım tamam oldu. Anam məni doğanda xəstəxananın həyətində atam dörd qurban kəsəcəyinə and içibmiş. O vaxtın pulu ilə dörd qoyunun qiymətinə indiki zəmanədə ev almaq olardı. Heyf ki, qoyunların bu dəyər düşməsindən xəbərləri yoхdur. Zira, qoyun inqilabı ilə tarixdə yadda qalmaq yaxşı bir şey olmazdı.
Həmin gün günəşli imiş — anam belə danışardı. Məncə, uydurur; sadəcə hekayəni daha dramatikləşdirmək üçün bundan istifadə edir. Sanki yaxşı şeylər günəşli, pis şeylər isə yağışlı havada baş verir. Halbuki yağışdan sonra çıxan hava necə də xeyirlidir.
Həyatımda çoxlu maraqlı hadisələr olub: ilk velosipedim, məktəbdə şalvarımı batırmağım, nənəmin protezini qonşunun həyətində torpağa basdırmağım... Ancaq bunu niyə etdiyimlə bağlı heç bir fikrim yokdur. Oğlumun dünyaya gəlməsi, toyum, həyat yoldaşımla ilk tanış olduğumuz gün... Səhərə kimi beləcə saya bilərəm, ancaq bunlar otuz beş illik həyatımda çox qısa bir yer tutur. Geridə qalan zamanda mən nə etmişəm? İnsan neçə illik xoşbəxtliyini və ya bədbəxtliyini tam xatırlaya bilmir, sadəcə hadisələrin başlama məcrası haqqında aydın və detallı fikrə sahip olur.
Məsələn, nənəm öldüyü gün yadımdadır; yağış yağırdı. Ancaq bu, bədbəxt hadisəyə görə deyil, şimaldan gələn soyuq hava kütlələrinə görə baş vermişdi. Nənəmlə şimal arasında xüsusi bir bağın olduğuna isə inanmıram. Nənəm öldüyü gün yağış yağırdı, başımı maşının pəncərəsinə söykəyib yuxuya getmişdim, maşın çalalara düşdükcə ayılırdım. Onu torpağa tapşıranda isə günəş çıxmışdı, göy üzü tərtəmiz idi. Ancaq nənəm öləndən iki gün sonra nə etdim? Qətiyyən yadımda deyil. Axı mən nəsə etmişəm; yəqin evə gəlmişəm, mütləq acımışam və s., ancaq bunlar yaddaşımda yoxdur.
Yayı yoldaşımıngilin rayonunda keçirməyi qərara almışdıq. İşimlə bağlı problemlərə görə yoldaşım məndən əvvəl getmişdi. Mən vəkil işləyirəm. Axırıncı məhkəməm bitər-bitməz zaldan çıxıb maşınıma əyləşdim və dərhal rayona doğru yola düşdüm. Yol uzun çəkdi, hava günəşli və sıxıcı idi. Mahnıya qulaq asmağı xoşlamırdım, pəncərəni açıb küləyin vıyıltısını dinləyirdim. Bu daha təbii idi. Yol boyu elə hey bu mənasız zamanları düşünürdüm; axı onlar mənalı olan şeylərin böyük hissəsini tutur. Sonra düşündüm ki, bununla sadəcə özümü yoruram. Bir də ki, bütün bunlar nəyə lazımdır? Vaxt onsuz da keçəcək; onun mənalı olub-olmamasından asılı olmayaraq, biz bu həyatı yaşayacağıq. Hər dəqiqə uğrunda mübarizə aparmaq isə yorucudur.
Üstəlik, mən vəkiləm, insanların problemlərini həll etməyə çalışıram. Son məhkəməmdə var gücümlə vuruşub uşağın vərəsəlik hüququnu qazandım. Qapının ağzında dayananda uşağın anasını bərk-bərk qucaqladığını gördüm. Ağlayırdı, atasına getmək istəmirdi, nədənsə qorxurdu, titrəyirdi, yaxına gələnləri əli ilə itələyirdi; təkbaşına polis işçiləri ilə mübarizə aparırdı. Düşündüm ki, əgər ona baxmağa davam etsəm, özümə nifrət edə bilərəm. Demək, qanundan da ali dəyərlər mövcuddur və qanun maddi dəyərlər üzərində formalaşır; mənəvi dəyərlər isə roman yazanlar üçündür. Ancaq indi mənim mənəvi ehtiyacım bunu düşünməyə imkan vermirdi. Yoldaşımı görmək üçün səbirsizlənirdim; onu çox sevirdim. Bəlkə də bütün mənasız dəqiqələrimi mənalandıran elə onun özü idi.
Yolda olarkən yoldaşım bir neçə dəfə zəng elədi; dedi ki, tez gəlməliyəm, nə iləsə bağlı problem var. Mən də həyəcanla maşını bir təhər sürüb rayona çatdım. Qapının ağzında saxlayıb, maşının qapılarını belə bağlamadan tez içəri daxil oldum.
— Sevinc, Sevinc! — deyə qışqırdım. O, cəld eyvana endi, tez mənə yaxınlaşıb qucaqladı.
— Görürsən nə eləyiblər? Görürsən? — deyərək hönkür-hönkür ağlamağa başladı.
Mən məsələnin nə yerdə olduğunu anlamırdım, donub qalmışdım. Telefonunu açıb mənə bir-iki video göstərdi, sonra hər şey aydın oldu. Bizim Sevinc vegeterian idi, onun heyvanlara zülm edilməsindən xoşu gəlmirdi. Əlbəttə, bir vəkil kimi mənim də xoşum gəlmirdi, ancaq mən daha çox insanların hüquqları uğrunda mübarizə aparırdım. Rayonda bir qrup insan itləri kütləvi şəkildə öldürüb KamAZ-a yığarkən Sevinc onları görüb və dərhal telefonuna çəkib. O, bura gələndə küçədə yaşayan itləri yemləmək üçün özü ilə çoxlu it yemi gətirmişdi. Mənə qalsa, bu çox mənasız şeydir, ancaq onun xətrinə dəymək istəmirdim.
Maşına mindik, dərhal polis məntəqəsinə sürdük. Yol boyu elə hey ağlayırdı; gözləri şişmişdi, burnu silməkdən qızarmışdı. Bu görkəmdə necə də sevimli görünürdü; özümü gülməmək üçün güclə saxlayırdım. Əşi, o boyda insanlar istismar olunur, iki-üç itlə nə dəyişəcək? Neynək, onun fikirələri mənim üçün dəyərli idi. Əgər itlərin öldürülməsi düzgün deyilsə — ki əslində doğurdan da düzgün deyil — deməli, Sevinc haqlıdır. Mən bu məsələdən necə çıxacağımı bilmirdim. Yol məni yormuşdu; bir stəkan su belə içmədən iki-üç itin dalınca düşmək məni əsəbləşdirirdi. O isə təkid edirdi ki, gedib şikayət ərizəsi yazmalıyıq. İndi bir o qalmışdı ki, oturub itlərə vəkillik edim. Üstəlik, məndən elə şeylər tələb edirdi ki, sanki onları mütləq müdafiə etməli idim. Hətta iş ciddiləşmişdi: burada alınmasa, rayon məhkəməsinə müraciət edəcəkdik, oradan da üst qurumlara... Faydası olmasa, apellyasiya məhkəməsinə, lap Ali Məhkəməyə qədər gedib çıxacaqdıq. Sevinc bəzən sadə şeylərdə o qədər inadkar görünür ki, mənə elə gəlir, onun iyirmi üç yaşı yokdur, beş yaşı var.
Məntəqəyə çatanda daha bir qəribə hadisə ilə qarşılaşdıq. Bu hadisə Sevinci daha da əsəbləşdirdi; özündən çıxmışdı, onu güclə saxlayırdım. Bayaq telefonda baxdığım itləri yığan KamAZ məntəqənin qarşısında idi və videodakı kişi polis nəfəri ilə söhbət edirdi. Məsələnin nə yerdə olduğunu anladım, amma təfərrüatları dəqiq bilmirdim. Demək, itləri özbaşına yox, məqsədyönlü şəkildə öldürürlərmiş.
— Nəsə lazımdır? — deyə polis nəfəri soruşan kimi Sevinc özünü saxlaya bilmədi:
— Əclaflar! Deməli, siz planlaşdırmısınız! Murdarlar! Günahdır, ayıbdır! O günahsız balaca itlər vardı içində... Sizin uşağınız olsa... Murdarlar!
Mən onu sakitləşdirməyə çalışırdım. Baş verənlər məni hövsələdən çıxarırdı; illərin nəcib tərbiyəsi bəlkə də səsimi çıxarmağa qoymurdu. Sevincə olan sevgim isə sürətlə yerini qəzəbə verməyə başlayırdı. Axı rayon kimi kiçik bir yerdə, özü də yoldaşının yanında başqa kişiləri söymək bir qadın üçün yolverilməzdir.
— Ay xanım, nə olub? — polis bir neçə dəfə sualını təkrar etsə də, Sevinc onu eşitmirdi.
Fikir verdim ki, sürücü tez aradan çıxdı. KamAZ-ın arxasını bağlamışdı; yəqin qorxurdu ki, yenidən telefonla çəkiliş edərlər. İtlər maşının içində idi və çox güman, hamısı ölmüşdü, yoxsa bu səsküyə və darısqallığa görə çoxdan hürməyə başlayardılar.
Birdən Sevinc yerə yıxıldı, huşunu itirdi. Onu qollarımda güclə saxladım. Polis dərhal içəri keçib su gətirdi, onu ayıltdıq. Məntəqəyə keçib oturduq. Özünə gələn kimi əzgin halda mənə bildirdi ki, dərhal ərizə yazmalıyıq.
— Bağışlayın, xanım, siz Valehin qızısınız? — polis nəfəri soruşdu. Onun hardasa qırx yaşı olardı.
— Bəli, — deyə mən cavab verdim, sonra da əlavə etdim: — Mən də onun yoldaşıyam.
— Qızım, indi sizin şikayətiniz nədir? — deyə soruşanda mən Sevinci cavablamağa qoymadım. Dedim ki, artıq bir vəkil kimi bundan sonrası mənim öhdəmə düşür:
— Cənab, bu itləri nəyə görə öldürürsünüz?
— Bacoğlu, itləri mən öldürmürəm, kəndin camaatı öldürür. Özü də kütləvi şəkildə yoх, əllərinə düşən zaman.
— Axı KamAZ-da çoxlu it var, məndə bunun sübutu üçün video dəlil var.
— Bacoğlu, itləri kənd camaatı qırır. Kimin oğluna, kiminsə qızına yolda keçəndə hürürlər, qorxudurlar, onlar də vurub öldürürlər.
— Cənab, mən bunu başa düşdüm, lakin öldürülmüş itləri KamAZ-a yığıb niyə polis məntəqəsinə gətirirlər? — Sual onu çaşdırdı. Bir az duruxdu; çox guman, indi özlüyündə yaxşı bir cavab axtarırdı. Mən sadəcə aydınlaşdırmaq istəyirdim ki, bu məsələdə polis nə dərəcədə əlbirdir. Sözün düzü, işi böyütmək kimi bir məqsədim yox idi. Sevinc sakitləşən kimi evə gedəcəkdim, qaynanamın qəşəng doğasından içib sərinlənəcəkdim.
— Rəisiniz haradadır?
— Bu gün iş günü deyil.
— Adı nədir?
— Rəsul Hüseynov. Rəis indi şəhərdədir. Bura gəlməsi gec çəkər, axşama ancaq çatar.
Ondan zəng etməsini xahiş etdim, bizdən uzaqlaşdı. Sevinc sakitləşmişdi. Qaynımla əlaqə saxladım ki, gəlib onu götürsün. Polis bizə rəisin gələcəyini dedi. Çox keçməmiş qaynım gəlib çıxdı; Sevinci güclə evə getməyə razı saldıq. Mənə dedi ki, əgər ərizə yazmamış geri qayıtsam, məni bağışlamayacaq. Mən də məcburiyyətdən söz verdim. Əlqərəz, o ərizəni yazası olacaqdıq. Amma indi rəislə görüşmək mənim üçün vacib idi. Həm də istəyirdim ki, polislə söhbətləşib məsələnin nə yerdə olduğunu aydınlaşdırım. Ona görə də düşündüm ki, səmimi olsam, hər şeyi daha tez qaydasına salmış olaram. Onsuz da itlər ölüb, mənim də əsəblərim korlanıb; heç olmasa hadisənin təfərrüatlarını öyrənim. Sevinclə evə getsəydim, başımın ətini yeyəcəkdi. Düzü, bu halda Sevinci hiç çəkəsi deyildim.
İçəri keçdik. Polisin adını öyrəndim, Cavid imiş. Ərizəni yazdım, sonra dedim ki, rəisi gözləyəcəyəm. İki çay gətirdi. Getməyimi o da istəmirdi deyəsən; ürəyi sıxılırdı, sanki söhbətə adam axtarırdı. Mənə də elə bu lazım idi.
— Cavid bəy, yoldaşım bir az həssasdır. İtləri, heyvanları, evimizdəki taxtanı yeyən siçanları belə sevir. Qəribə adamdır, ama yoldaş yoldaşdır. Onun xətrinə dəyməyi xoşlamıram. Ancaq bir şeyi də nəzərinizə çatdırım ki, səmimiyyət mənim üçün həyatda ən vacib şeylərdən biridir, bəlkə də birincisidir. Ərizəni söz vermişdim deyə yazdım, yoxsa KamAZ-da olan itlərlə yaxından-uzaqdan heç bir əlaqəm yoxdur. İndi mənə maraqlıdır, bu KamAZ burada nə gəzir?
— Bacoğlu, indi vəziyyət belədir ki, bu rayonda it çoxdur. Özün də bilirsən, savadlı oğlansan, it küçükləyəndə on dənə doğur. Zalımın balası, insan deyil ki, birini doğub böyütsün. Bu rayonda camaat güclə dolanır, it necə dolansın? Ona-buna hürür. Geçən bir hadisə baş verdi, bir ay olar, itin biri uşağı dişlədi. Sonra rəis dedi ki, bütün itləri yığışdırın.
— Aha, bəs yaxşı, niyə öldürürsünüz? Axı onları yenidən cəmiyyətə qaytarmaq üçün Bakıya göndərə bilərsiniz.
— Bacoğlu, bir dayan. Mən özüm Bakıya güclə gedirəm, iti necə göndərim? Həm də ki onun xərci çoxdur. Rəis də dedi ki, hər it gətirənə beş manat. Bu Əli dayının nəvələri də düşdülər rayonun canına, gətirdilər itləri.
— Hə, indi aydın oldu hər şey. Cavid bəy, axı bilirsiniz, bu ciddi məsələdir. Mən özüm vəkiləm; istəsəm bu məsələni ciddi sürətdə araşdırar və sonda sizə...
— Bacoğlu, — sözümü ağzımda qoydu, — dayan, sən məni anlamadın. Bu itlərin hamısı quduzdur. Ya da o quduzlarla oturub-durur.
— Tibbi ekspertin rəyi varmı? Və ya o keçən ay it dişləməsinə məruz qalan uşağın nəticələri?
— Bacoğlu, sən yaxşı oğlansan, qulaq as. Sən bu iti-miti boş ver. Bu kənddə camaat beş-on manat üçün kimi istəsən öldürər. Mövzu it deyil; mövzu odur ki, camaat üçün fərqi yoxdur — itdir, donuzdur, lap elə insandır.
— Cavid bəy, siz bizi mətləbdən uzaqlaşdırırsınız. İtin-pişiyin ölməyi önəmli deyil, önəmli olan kütləvi şəkildə məhv edilməsidir. Özü də heç bir rəy, heç bir icazə olmadan. Düzü, lap rəy olsa da, bu, heç bir halda dünya standartlarına cavab vermir.
— Ay bacoğlu, nə standart, nə dünya? Deyirəm axı, bunlar boş şeylərdir. İt-pişik... Üstəlik, uşağa iynə vurdular deyə quduzluq aşkar olunmadı. Sadəcə, o hadisə camaatı dəli elədi. İndi rəis də belə qərara gəldi ki...
— İtləri öldürün, sizə beş manat verim. Yaxşı, itlər insanları qorxudur deyək, bundan rəisə nə?
Qarşımdakı insanın intellektual baxış bucağı mənimki ilə uyğun gəlmirdi. Asanlıqla özünü ələ verirdi. Məsələni başa düşmüşdüm, ancaq əmin olmaq üçün istəyirdim ki, Cavid bəy özü etiraf etsin. Artıq evə getmək istəmirdim. Düşünürdüm ki, axşam düşsün, Sevinc yatsın, sonra evə gedim. Yoxsa indiki halda onunla dalaşmaq məni tamam yorardı. Özgə evdə, başqalarının yanında ona fikrimi rahat çatdıra da bilməyəcəkdim. Axı o, indi özünü lap ərköyün uşaq kimi aparırdı.
— Neçə it ölüb?
— Təxminən iyirmi beş.
— Bu, oldukça yüksək rəqəmdir.
— Bura üçün hə, bacoğlu. Əli dayının nəvələri cırtqoz şeydilər; Allah bilir, başqa rayonun itlərini də vurub gətiriblər. Rəis gəlib məsələni qaydasına qoyacaq, siz narahat olmayın.
— Bəs bir insan kimi... — söhbəti uzadırdım, çünki evə getmək istəmirdim; qoy bir dəfə də boşa keçən zamanımı şüurlu olaraq özüm seçim, — itlərin ölümünə necə baxırsınız?
— Bacoğlu, bax, bizim rəis Allah adamıdır. Valeh onu çox yaxşı tanıyır, burada hamı yaxşı tanıyır. Yəqin bu məsələ böyüyən deyil... — Bu hissəni deyəndə sualedici nəzərlərlə düz gözümə baxdı. Özümü lap komediyanın içində hiss elədim. Məzəli görünürdü: iyirmi beş itin ölümü, bir uşağın anasına olan sevgisi, özünü uşaq kimi aparan həyat yoldaşım... Yetərincə traqikomedik bir gün keçirirdim.
— Bu gün bir uşağı anasından qanuni şəkildə ayırdım. Bu, oldukça kədərlidir. Ən azından mənim işimlə əlaqədar olan bir kədərdir. Hər işin öz kədərli yanı var. — Niyə bilmirəm, ama birdən bu haqda danışmaq ürəyimdən keçdi.
— Bacoğlu, itlə insan arasında fərq çoxdur. Məsələn, deyim nə?
— Buyurun.
— Məsələn, insan pul üçün insanı satar, ancaq itlər sadiqdir.
— Bu ki lap hekayə oldu! — deyib güldüm. Düşündüm xətrinə dəyər, dərhal üzr istədim.
— Eh, bacoğlu, neçə yaşın var?
— İyirmi səkkiz.
— İndi mən bir az cavanam, ancaq götürsək, elə oğlum yaşındasan. Özün oxumuş, gözəl-göyçək oğlansan, ancaq həyatı yaxşı yaşamamısan. Məsələn, bu gün deyirsən ki, mən bir uşağı anasından ayırdım, ancaq işim bunu tələb edirdi. İndi isə gəlib mənə deyirsən ki, iyirmi beş it ölüb falan-bəsman... İndi səndən soruşuram, bacoğlu: bəs bir insan kimi ananı baladan ayırmağa necə baxırsan?
Sual məni çaşdırdı. Heç vaxt belə haqlanacağımı gözləmirdim. Bəlkə də qarşımdakı insanı düzgün qiymətləndirməmişdim. Bir də ki yorğunluq məni elə hala salmışdı, boşa keçən zamanımla uşaq kimi davranırdım. Sanki bu günü sabah bir də yenidən yaşamama imkan verəcəklərmiş kimi, keçən saniyələrimlə oyuncaq tək rəftar edirdim.
— Bilirsiniz, Cavid bəy, mən sizinlə açıq danışacağam. Onsuz da iyirmi beş it və bir uşaq — bunlar həyatın... Yəni bütün bunlar baş verməliymiş kimi...
— Bacoğlu, buraya qədər yaxşı gəlmişdin, ancaq bundan sonrası artıq sənlik deyil. Bəzi şeylər səndə oturuşmayıb. İnsan xisləti dəyişməzdir; onu nəyəsə vadar edirlər, o da edir. Səncə, bizim Əli dayının oğlanları it oğrusudur? Səncə, belə vəzifə var? Məncə yokdur. Ancaq bu rayonda it öldürənə beş manat pul verirlər.
— Yəni demək istəyirsiniz ki, nə sizin, nə bizim, nə də Əli dayının oğlanlarının günahı var. Hətta bu ölən itlərin də günahı yokdur. Sizin fikrinizcə, itlərin öldürülməsi tarixi zərurətdir?
— Mən elmi sözlər qanmıram, bacoğlu. Dediyim elə dediyim kimidir, — bir qurtum su içib sözünə davam etdi: — Ərəstun dayı var, sən tanımazsan, qoca kişidir, yaşı doxsanı keçib, buz baltasıdır. İki gün bundan əvvəl durub bura gəlib. Deməli, bacoğlu, itini vurub qoltuğuna, dayanıb burada. Deyirəm: "Ay Ərəstun kişi, nə olub?" Özü də qışqırıram, kardır axı, eşitmir. Deyir ki: "Bəs mənim itim quduzdur, bu iti götürün". İtə baxıram, vallah, bacoğlu, yalan deyirəmsə, bu işığa kor baxım, iti buraxsan, on metr qaçabilməz. Bundan quduz olar? Dedim: "Ərəstun kişi, — özü də bax beləcə, məzələnə-məzələnə, — dedim, ay Ərəstun kişi, ayıb deyilmi? Neçə ildirdir sənə keşik çəkən bu iti vurub qoltuğuna gətirmisən, hələ bir utanmırsan, başına damğa da vurursan". Bu da eşitmir ha, kardır. Deyir: "Bu quduzdur, quduzdur, bunu götürün, amma mənə iyirmi manat verin bu itə görə". Deyirəm: "Ay Ərəstun, sənin itin mənə nə gərəkdir?" Deyir ki: "Quduzdur, quduzdur". Deyirəm: "Ay kar, ayə, eşitmirsən, mənə itin lazımdır?" Deyir: "İyirmi manat, iyirmi". Nəysə, gördüm bu qanmır, çıxardım iyirmi manat verdim buna, iti aldım. Apardım arxa tərəfə, bağladım ağaca.
— Yəni it quduz deyil?
— Yox e, nə quduz, bacoğlu. Sadəcə, adam... Yəni demək istədiyim budur, adam belələrinə yanır. Düzdür, onun nə günahı? Hamımız günahsızıq.
— İt buradadır?
— Hə, arxada. Göstərim?
— Mümkünsə, zəhmət olmasa.
Arxa tərəfə keçəndə dərisində qotur yaraları əmələ gəlmiş qoca, halsız bir it gördüm. Gözlərində yorğunluq və kədər hiss olunurdu. Qarşısında iri bir tikə ət vardı, ancaq yeməmişdi. Cavid bəy qeyd etdi ki, iki gündür heç nə yemir. Yazıq it hər şeydən küsüb, deyəsən, onu da bu kədərləndirir. İtə yaxınlaşdım, başını bir az sığalladım. İtin belində və başında qırmızı rəng var idi. Maraqlı gəldi, axı yazıq iti bu rəngə kim boyayıb? Onun yanında çöməlib dayanmışdım. Başımın üstündə Cavid dayanıb siqaret çəkirdi.
— Cavid bəy, bu iti kim qırmızıya boyayıb?
— Yiyəsi Ərəstun. İti qırmızıya boyayıb ki, guya quduzdur, toyuğu-filanı dişləyib. Bambılı oğlu bambılı, elə bil uşaq-zadam mən!
İtə baxdım, yazığım gəldi. Ərizənin şəklini telefonumla çəkdim. Yoldaşıma göstərib başını aldadacaqdım. Onsuz da olan olub, keçən keçib; məsələni böyütməyin bir mənası yox idi. Qırmızı rəngli iti ağacdan açıb yavaş-yavaş arxamca evədək sürüdüm. Yol boyu başını aşağı salıb gedirdi. İnanırdım ki, hətta dili olsaydı belə, yine danışmazdı.
Evə çatanda qaranlıq düşmüşdü. İti tövləyə aparıb boş bir yerdə dəmirə bağladım, qabağına çörəklə ət atdım. Əllərini çarpazlayıb başını yerə qoydu, gözlərini yumdu. Ona yazığım gəldi. "Bu halla hara qaçacaq?" deyə düşünüb ipi boynundan açdım, tövlənin də ağzını açıq saxladım. İtdir, ürəyi istəyər, çıxıb gedər.
Evə gəldim, əlimi yudum, sərin doğadan içdim. Rayonun gözəl havası var idi. Sevinc baş ağrısından dərman atıb yatmışdı. Mən də eyvanda özümə yer saldım, təmiz kənd havası altında yuxuya getməyə çalışdım. Çoxdandır istirahət etmirdim. Bu gün necə də mənasız bir gün oldu. Özü də digər mənasız günlərdən çox fərqlənirdi; bəlkə də uzun müddət yaddaşımda ilişib qalacaqdı. İtlər, uşağın mübarizəsi, Sevincin göz yaşları... Bütün beynim qarışmışdı, yorğun idim. Bir anda hər şeyi unudub yuxuya getmək istəyirdim.
Səhər dan yeri söküləndə mən artıq yuxuya getmişdim, it isə çoxdan ölmüşdü.