Ana səhifə . Hekayələr
Bir gün Markos Antonyos fərqinə vardı ki, əslində, həyatında heç nə yolunda getmir. Həyat mübarizəsi adlandırdığı şey isə axmaq bir təkrarçılıq xəstəliyindən başqa bir şey deyil.
O, qolundakı saata baxaraq qara kostyumunu geyindi, saçlarını arxaya daradı, qırmızı qolstukunu taxıb iş portfelini götürdü və güzgünün qarşısına keçdi. Hələ evdən çıxmağına on beş dəqiqə var idi; bu sükunət ona kədərli və ağrılı gəlirdi. O, üzündəki qırışlara diqqətlə baxdı. Əslində, Markos Antonyos özünü bu qədər qüssələndirəcək qədər qoca deyildi. Çoxlarının sahip olmaq üçün əlindən gələni əsirgəməyəcəyi bir həyatı vardı. Məsələn: bahalı olmasa da bir maşını, mərkəzdə yerləşməsə də otuz dəqiqəlik mesafədə üçotaqlı mənzili, iki uşağı, gözəl bir həyat yoldaşı vardı.
Qəlbini parçalayan və həyatında heç nəyin yolunda getmədiyini düşündürən bu fikir haradan qaynaqlanırdı? Yox, bu, ailəsinə istədiyi həyatı yaşadan, əslində isə dünyanı veyil-veyil gəzmək istəyən axmaq bir bank işçisinin xəyalları deyildi. Nə də demək olmazdı ki, Markos Antonyos içki içən, gününü mənasız əyləncələrlə keçirən və ya həyata hedonist təfəkkürlə yanaşan biri idi. Qəlbinin dərinliklərində baş qaldıran bu mənasız hisslərin nə dini inancı ilə, nə də ailəsi ilə bir bağlılığı vardı.
Markos Antonyos sadəcə bu sabah yuxudan durub həmişəki kimi əl-üzünü yuyandan, yeməyini yeyib əynini səliqəli geyinəndən sonra güzgünün qarşısına keçəndə hiss etmişdi ki, həyatı mənasız təkrarçılıqdan ibarətdir. Bəli, artıq o, yavaş-yavaş hisslərinə məna verə bilirdi. Bütün bunlar sadəcə axmaq bir təkrarçılıq xəstəliyi idi. Həyatında uzun zamandır yeni heç nə baş vermirdi, bəlkə də, ümumiyyətlə heç nə olmamışdı; ömür boyu eyni şeyləri təkrarlamışdı.
Bir neçə saniyə sonra o, bütün bu fikirləri rədd edərək daha tutarlı bir səbəb axtarmağa başladı. Mənasız təkrarçılıq təkbaşına Markos Antonyosu belə iztirablı, anlaşılmaz bir duyğunun ağuşuna sala bilmezdi. O, dodaqaltı mızıldanaraq öz-özünə dedi:
“Əslində, cavabı bilirsən: ya cəsarətin çatmır, ya da özünü ifadə edə bilmirsən.”
Səsləndirdiyi fikir olduqca xoşuna gəldi və onu bir neçə dəfə ürəyində təkrarladı. Sonra evin içində tələbəliklə kağız-qələm axtarmağa başladı. Tapan kimi həmin sözləri kağıza yazdı, onu büküb cibinə qoydu.
Yenidən güzgünün qarşısında dayananda, ilkindən fərqli olaraq, bu dəfə gülümsəyirdi. Markos Antonyosun üzünə həyasız, acgöz və mərhəmətsiz bir insanın iştahlı və doymaz siması həkk olunmuşdu. O, qeyri-şüuri gələn bu gülüşün səbəbini tapmaq istəyirdi. Lakin qəfil gözü divardan asılmış saata ilişdi. On beş dəqiqə bitmişdi.
Gülümsəyərək güzgüyə son dəfə baxdı, onun qarşısında ehtiramla baş əydi və bu dəfə uca səslə, sevinclə qışqırdı: — Dostum, sabah sənin fikirləşməyə əlavə daha on beş dəqiqə vaxtın olacaq!
5 Aprel 2019, 1:13