Hədiyyə qələm

Dilənçilərə pul verməyi xoşlamıram, ümumiyyətlə, buna rəvac verənləri də qınayıram. Lakin uşaq görəndə qəlbim yumşalır, nəsə etmək istəyirəm; buna baxmayaraq, məqsədimdən dönmürəm, üzümü çevirib başqa tərəfə baxıram. Qəribədir, təhsil almaq əvəzinə işləyən bir uşaq görmək... Sonra deyirlər ki, həyat ədalətlidir. Axı burda ədalət hardadır? Yəqin kimlərinsə cibində, dərinliklərdə gizlənib.

İki gün əvvəl metroda telefonla oynayan zaman bir oğlan uşağı başımın üstündə dayandı. Əlində bir qutu salfet vardı, yəqin ki, onları satmağı planlayırdı. Başı mənim oyunuma necə qarışdısa, iki stansiya boyunca ikimiz də tərpənmədən eləcə getdik. Sonra uşaq birdən reallığa qayıdaraq əsl həqiqətin salfet satmaqdan ibarət olduğunu anladı. Onlardan birini mənə uzadıb almağımı xahiş etdi.

İki il əvvəl bir qız uşağı da eynilə bu formada mənə qələm satmaq istəyirdi. Onda oyun klublarının birində işləyirdim. Qızın balaca, xırda qara gözləri vardı, saçları pırtlaşıq idi, yəqin heç daramırdı da, amma başına iki qotaz vurmuşdu. Əynində məktəbli forması vardı. Elə mənə maraqlı gələn də bu oldu.

Klubun ağzında dayanıb ona baxırdım, uşaq mənə qələm satmaqda tərəddüt edirdi. İki ədəd qələm aldım. Zalımın qızı birini əlli qəpiyə satırdı; güman ki, o da öz vəziyyətindən silah kimi istifadə etməyi öyrənmişdi. İçəri dəvət etdim, oyunları görüb donub qalmışdı. — Yəqin baha olar, hə, dayı? – deyə mənə müraciət etdi. Boşluq olduğundan düşündüm ki, rahat oturub oynaya bilər. Yarım saatlıq oyun açdım, özüm də oturub onunla birgə oynadım. Sonra dedim ki, vaxtdır. Mənə dedi: — Səndən əvvəlki əmi oynamağa icazə vermirdi. Deyirdi polis qoymur, bəs sən polisdən qorxmursan? — Yox, narahat olma, bu gün polis evdədir, bu gün onun iş günü deyil. Sən əgər oynamaq istəsən gəl məndən soruş, polis burda olmasa, mən sənə icazə verəcəm.

Çox sevindi, gözlərinin içi gülürdü, günəş kimi parıldayırdı. Yəqin ki, bu, xoşbəxtliyin əlamətidir. — Polislərdən xoşum gəlmir, sən yaxşı adamsan. Al bu qələmi, sənə hədiyyə olsun, – deyib birini mənə uzatdı. Hətta tələsik əlinin içində yazıb-yazmadığını yoxladı. — Çox sağ ol, qoy bu ikisi qurtarsın, sonra mən səndən yenə alacam. — Yox e, dayı, onlar sənin öz pulunla aldığındır, bu isə mənim hədiyyəmdir.

Qələmi götürdüm, digər ikisinden fərqli olaraq onu aparıb çantama qoydum ki, itməsin. Adını artıq öyrənmişdim: Fatimə idi. Oyun əsnasında bir-birimizlə yaxından tanış olduq. On iki yaşı vardı. Anası ilə qalırdı, dediyinə görə atası ölmüşdü. Çox uşaq idilər. Anasının xəstəliyi imkan vermədiyi üçün işləyə bilmirdi. Bir qardaşı və üç bacısı vardı. Sonradan öyrəndim ki, əslində uşaqların bir qismi xalasınındır, sadəcə bir evdə böyüdüklərindən onları qardaş-bacı sayırdı.

Həftədə azı iki-üç dəfə görüşürdük. Maşın sürməyi xoşlayırdı, ən böyük arzusu işləyib özünə maşın almaq idi. Təhsili ilə maraqlananda gördüm ki, çox şeydən geri qalır, ancaq oxumağa həvəslə yanaşırdı. Mənim də başımdan pul tökülmürdü ki, uşağa yardım edim; sadəcə dərdləşə bilirdik. Mənə deyirdi: — Dayı, əgər böyük, həm də çox böyük bir maşınım olsaydı, bütün yaxşı adamları mindirib burdan uzaqlara aparardım. Məsələn, Vaqifi, Nurayı, Məhəmmədi, sonra anamı, xalamı, bir də səni. — Məni niyə? — Sən də yaxşı insansan, uzaqlara getmək sənin də haqqındır.

Bu kiçik qəlbin "cənnət guşəsi" yəqin ki, uzaqlarda idi. Balaca bu haqda danışan zaman cənnətin bizdən nə qədər uzaq olması ilə onun necə də möhtəşəm bir şey olduğunu vurğulamağa çalışırdı.

Qış sonu bərk xəstələndim, işdən çıxmaq məcburiyyətində qaldım. Bir ay yataqda yatdıqdan sonra, çətin də olsa, ayağa qalxa bildim. Ciyərlərimə soyuq dəymişdi, bəlkə də ölümdən dönmüşdüm, ancaq döndüyüm yerlər uzaq deyildi. Buralardı. Yenə çətinlik, yenə işləmək, pul yığmaq. Bəlkə də uzaqlara getmək üçün.

Köhnə iş yerimin yanından keçən zaman hər dəfə göz ucu ətrafa nəzər salırdım ki, bəlkə uşağı yenidən görərəm. Sonra ətrafdakı məktəblərin yanında gözləməyə başladım. Kimdən soruşdumsa da görən olmadı, heç bir məktəbdən soraq çıxmadı. Ətrafda dilənən uşaqlar belə onu tanımırdı. Bir bəy-bir ay (təxminən bir ay) sonra onu axtarmağı dayandırdım. İş yerindən də soruşmuşdum; demişdilər ki, bir dəfə gəldi, ancaq sonra daha gəlmədi. İndi üzərindən illər keçib.

Bütün bu xatirələri yadıma salan salfet satan uşaq qapılar açılan kimi cəld qatardan düşdü. Cəld arxasınca düşüb uşağı saxladım. Salfetin qiymətini soruşdum. — 1 manatdır, əmi. — Al bu bir manatı, mənə yaxşı birini ver. — Buyur, əmi. — Sənin adın nədir? — Talehdir, əmi. — Fatiməni tanımırsan? — Yox, əmi. Bəzi uşaqların taleləri necə də bir-birinə bənzəyir... Çox heyf, hamı kimi o da Fatiməni tanımadı.