Ana səhifə . Hekayələr
Birdən soruşsa ki, nə işlə məşğulsan, nə cavab verəcəm? Qəribədir, insan niyə ilk görüşdə kiminsə peşəsini soruşsun ki? Kimin nəyinə lazımdır axı... Özümü onun yerinə qoyub düşünməliyəm. Əgər bu həyəcanı boğa bilsəm, əlbəttə.
Mütləq xarici görünüşümə baxacaq. Ay Allah, mən nə gündəyəm? Bir az çəkim artıqdır, qarnım da qabağa çıxıb. İdman ayaqqabılarım köhnə olsa da, ümumi vəziyyət üçün hələ yararlıdır. Amma dayan... Köynəyim! Köynəyim bərbad gündədir. Üstəlik, tərləyirəm, qoltuqaltımdakı ləkələr pis görünəcək. Ən yaxşısı qara geyinim. Yox, ilk görüşdə qara geyinmək də düzgün deyil. Elə bilər tündməcaz biriyəm, ya da depressiyadayam. Sadə şalvar, qara köynək, standart saç düzümü və ortada bığlı bir qarın...
Bəlkə, heç getməyim? Bir bəhanə uydurum, deyim nənəm rəhmətə getdi. Rəhmətlik də ölməyə gün tapıb ha, işin tərsliyinə bax. Bir az kədərlənərəm, səsimin tonunu da bir pərdə aşağı salaram, vəssalam. Qız da inanacaq; deyəcək "eybi yox, çox üzüldüm, inana bilmirəm, heyf" və s. Uzağı ilk görüşün belə bitməsi onda bir az kədər yaradar, sonra da unudub gedər. Yazıq, yəqin rəfiqələrinə də danışıb. İndi hamı ondan xəbər gözləyəndə deyəcək: "Qızlar, nənəsi rəhmətə gedib deyə görüş baş tutmadı". Sonra da rəfiqələrindən gələn böyük mənəvi dəstək...
Yaxşı, tutaq ki, ilk görüşü belə yola verdik, bəs sonra? Sonra da deyərəm ki... dayan... aha, deyərəm nənəmi unuda bilmirəm. Bir dəqiqə, nənəmin mövzuya nə dəxli var? Yox, belədə aldatdığımı başa düşəcək. Nənəmin ölümü məndə niyə depressiya yaratsın ki? Əslində, bu daha yaxşıdır, nənə bəhanəsi ilə mənə təsəlli verər.
Bilirsən necədir? Deyərəm ki, mən kimsəyə bağlana bilmirəm. Onsuz da, bu qarınla hara bağlanmaq olar? Özümü də yaman alçaltdım ha... Nə düz-əməlli işim var, nə də görünüşüm. Hansı haqla mən sevmək haqqında düşünürəm? Bəhanəyə belə ehtiyac yoxdur, məni görən kimi qaçacaq.
Bu arada, narahat olmayın, bu ilk deyil. İki ay əvvəl də biri qaçmışdı. Zalın qızı heç telefonu da açmadı. Razıyam, açardı telefonu, deyərdi ki, "sən eybəcərsən, işin də yoxdur, üstəlik ağzından iy gəlir". Amma telefonu açmaması qəlbimi qırdı. Məktəbdə də bir qıza yaxınlaşmışdım, mənə "sən çox yekəsən, mən səndən qorxuram" demişdi.
Dayan, bir güzgüyə baxım... Yox canım, o qədər də qorxulu deyiləm. Mən bu adamla 26 ildir yaşayıram, hələ bir dəfə də qorxmamışam, xətrimə də dəyməyib. Bəlkə də öyrəşmişəm, ondandır.
Nə isə, uzatmayım, görək nə bəhanə tapırıq. Əgər axırda bəhanə uyduracaqdımsa, bu qızla niyə danışırdım ki? Ay bədbəxt, nə üzlə ümid verirdin? Yazıq bəlkə də ümidlənib ki, həyatının eşqi ilə qarşılaşacaq. Sürpriz — mən!
Yox, qardaş, ziyanın yarısından dönmək də xeyirdir. Həm özümü, həm də onu xilas edim. Mən artıq öyrəşmişəm, iki günə keçib gedir.
Telefon zəng çalır: "Duud - Duuud" — Hə, ana? Hələ çıxmamışam. — Getmə, gir içəri, siyirmədən 200 manat götür gəl qabağıma, rayona gedirik. Nənən rəhmətə getdi...
12 Yanvar 2019, 0:17