Atın ölümü

Babam dünyasını dəyişəndə mənim hələ beş yaşım vardı. O günləri çətinliklə xatırlasam da, bircə şeyi heç vaxt unutmaram: atam ağlayırdı. Babamın vəfatı təkcə onu deyil, bütün kənd camaatını sarsıtmışdı. Hamı axın-axın bizə gəlib başsağlığı verirdi. Deyilənə görə, babam çox zəhmətkeş olub; həm sovet dövründə, həm də müstəqillik illərində bir an belə işsiz dayanmayıb. Elə buna görə də evində hər zaman bərəkət olarmış. Doğrusu, doxsanlardan əvvəl də, sonra da onun üçün həyat tərzi dəyişməmişdi; o, zəhmətin adamı idi. Tək öz ailəsinin deyil, qapısına çörək üçün gələn qonşuların da dadına çatardı. Babam haqqında bildiklərim bunlardır: qısaca, yaxşı insan olub.

Babamın bir atı vardı — onu "Sarıay" deyə çağırardı. Deyilənə görə, bir dəfə babam meşədən gələrkən canavarların hücumuna məruz qalıb. Sarıay bir göz qırpımında canavarları qovub, böyük şücaət göstərərək babamı xilas edib. Təsəvvür edin, hələ üzərində yük də varmış, buna baxmayaraq var gücü ilə mübarizə aparıb. Məhz buna görə babam Sarıayı çox sevirdi. İnsanlar çox vaxt qorxduqları üçün təzim edərlər, bəzi heyvanlar isə yemək üçün yaltaqlanar, amma Sarıay fərqli idi; onda mərdlik və nəciblik vardı.

Sarıayla bir şəklim vardı. Təsadüfən kəndə fotoqraf gəlmişdi, atam da məni Sarıayın belinə mindirib bu anı əbədiləşdirmişdi. O şəkli hələ də xatirə kimi saxlayıram. Həmin vaxt Sarıay artıq çox qoca idi, daha doğrusu, heydən düşmüşdü. Bir şey də yadımdadır ki, babamın öldüyü gün Sarıayın hərəkətləri qəribə idi. Deyilənə görə, Sarıay doğulanda çox arıq olub; babam onu digər heyvanlardan ayırıb tək böyüdüb, hətta körpə uşaq kimi əli ilə yedizdirib. Atam bu haqda danışanda təəssüflə qeyd edir: "Kaş babam bizə də belə diqqət yetirəydi, vaxt ayıraydı".

Babam zəhmli kişi olub, oğulları ilə arasında həmişə məsafə saxlayarmış. Axı o vaxtın dəyərləri ilə indikilər uzlaşmır, düzü, buna məntiqli izah vermək də çətindir. Babamın zəhm qalası ancaq Sarıay üçün açılardı. Əvvəllər onu sadəcə uzaq yollar üçün minik vasitəsi kimi istifadə edərdi. Yük daşıyanda isə çalışardı ki, onu çox incitməsin. Elə ki babam xəstələndi, təsərrüfatın bütün yükü Sarıayın boynuna düşdü. Babam bundan xəcalət çəksə də, başqa çarəsi yox idi.

Babam yatağa düşəndə Sarıayı meşəyə odun dalınca atam aparmağa başladı. Nə qədər çətin olsa da, babam sevimli "övladını" atama etibar etmişdi. Özündən başqa heç kimə Sarıaya toxunmağa və ya ağır yük vurmağa icazə verməzdi. Hətta bir dəfə əmimi icazəsiz atla başqa kəndə getdiyi üçün az qala öldürəcəkdi. İndi isə babam məcbur idi. Müharibədən sonrakı illərdə Sarıaydan başqa bütün heyvanlar satılmışdı. O zamanlar pula ehtiyac çox idi, ancaq Sarıay babam üçün puldan dəyərli idi. Həm də babam vəsiyyət etmişdi: o ölsə, Sarıay yəhərdən azad olacaq və sərbəst yaşayacaqdı.

Həmin gözlənilməz qara gün gəldi. Ölüm babamın qapısını döyəndə, Sarıay tövlədən ildırım sürəti ilə atıldı, kəndirini qırıb qaçdı. Babam kimi o da zəhmli idi, sanki sözünün ağası idi. Kəndiri necə qırdığını heç kim təsəvvür edə bilmirdi, bu, sadəcə möcüzə idi. Sonra babamın tabutu çiyinlərdə qəbiristanlığa aparılarkən, at da kənardan onu müşayiət etdi. Sanki imkan olsa, babasını son mənzilə özü aparmaq istəyirdi. Heç bir səs çıxarmadan, sakitcə bizimlə irəliləyirdi.

Babamı dəfn etdik. Uşaq olduğum üçün məni çox yaxına buraxmadılar. Qıraqdan baxırdım: hər kəs növbə ilə məzara torpaq atırdı. Hamı geriyə qayıdanda, Sarıay babamın qəbrinin üstünə yayxandı, başını onun torpağına qoyub ətrafı seyr etməyə başladı. O gecə çox narahat idim, əmimə dedim ki, Sarıayı canavarlar yeyər, axı o qayıtmayıb. Əmim gülərək dedi: "Sarıay baban kimidir, onun belini ancaq Əzrayıl yerə vura bilər".

Səhər durub Sarıayı tövlədə görəndə çox sevindim. Babamın vəsiyyətinə uyğun olaraq ona bir müddət yəhər vurmadılar, ancaq bu, cəmi bir ay çəkdi. Şərait çətin idi, təzə at almağa imkan yox idi. Məcbur qalıb Sarıayı yenidən yəhərlədik. Həmin il qış sərt keçdi. Bir gün Sarıay meşədən yükdən qayıdanda qapının ağzında çöküb qaldı. Atam onun öləcəyini anladı. Səhərə qədər eyvandan onun yerdə uzanmış bədəninə baxdım. Səhər ayılanda onu yerində görmədim. Günortaya yaxın əmim xəbər gətirdi: Sarıay babamın qəbrinin üstünə gedib və elə oradaca canını tapşırıb.

İndi o köhnə şəklə baxanda hiss edirəm ki, o, ağır yükdən və ya soyuqdan ölməyib. Onun ölümü bizim hamımızın ölümü kimidir: böyük, cəsarətli və mənasız.